Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə
edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
kitabxana – elm,
informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap
əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə
edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin
intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən
sosial institut;
kitabxana işi – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə
fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını,
kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki
şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını,
kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların
inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi;
kitabxanaçı – kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq
ixtisaslı mütəxəssis;
sənəd – informasiyanın mətn, səsyazma və təsvir formasında qeydə
alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi
və ya qorunması məqsədini daşıyan maddi obyekt;
kitabxana fəaliyyəti – oxucuların sərbəst surətdə informasiya
almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə
və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını
ödəmək məqsədilə həyata keçirilən fəaliyyət;
mərkəzləşdirilmiş kitabxana sistemləri – eyni sistemə aid olan
kitabxanaların vahid strukturda Könüllü birləşməsi;
kitabxana fondu – ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə
uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının
məcmusu.
Maddə 2. Kitabxana
işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi
Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi
bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik
aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə
bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr
tətbiq edilir.
Maddə 3. Kitabxana
işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin
vəzifələri
Kitabxana işi sahəsində
dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya
vasitələrindən istifadənin hamı üçün acıq olması;
milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondlarının
toxunulmazlığı və üstün maliyyələşdirilməsi.
Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması
və həyata keçirilməsi;
kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının
qəbul və tətbiq edilməsi;
kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının
tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron
mübadilə sistemlərindən (internetdən və s) istifadə və milli
fondların həmin sistemlərdə əks olunması;
milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən
informasiya sisteminin yaradılması;
dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət
kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizatı
sisteminin yaradılması;
xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan
nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin)
Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;
dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət
kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz
edilməsi;
kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin
həyata keçirilməsinə köməklik göstərilməsi;
kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını
həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin
təşkili;
təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana
fondlarının mühafizəsinin təmin olunması;
qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması;
kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;
kitabxana fondlarının statistik uçotunun aparılması;
Maddə 4. Kitabxana
fəaliyyətinin əsas istiqamətləri
Kitabxana fəaliyyətinin
əsas istiqamətləri sənəd-informasiya fondlarının formalaşmasından,
mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə
istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan
informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya
məkanının yaradılmasından ibarətdir.
II FƏSİL
KİTABXANA
SİSTEMİ
Maddə 5. Kitabxana
sisteminin təşkilinin əsasları
Azərbaycan Respublikasında
kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası
və kompleks xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış
dövlət və qeyri-dövlət kitabxanaları təşkil edir.
Maddə 6. Kitabxana sisteminin tərkibi
Azərbaycan Respublikasında
kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları
daxildir.
Dövlət kitabxanalarına aşağıdakılar daxildir:
Milli Kitabxana;
Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;
şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi
kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar)
və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;
dövlət, idarə, müəssisə və təşkilatların kitabxanaları;
Azərbaycan Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və
onun filialları;
dövlət təhsil müəssisələrinin kitabxanaları.
Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:
bələdiyyə kitabxanaları;
ictimai birliklərin kitabxanaları;
özəl və digər kitabxanalar;
xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.
Maddə 7. Milli
Kitabxana
Milli Kitabxana
Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini
həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş
Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini,
dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli
və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən mədəniyyət
xəzinəsi və dövlət kitab saxlayıcısıdır.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq
sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici,
ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks
kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası
abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili
depozitar mərkəz funksiyalarını yerinə yetirir.
Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.
Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan
və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.
Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin
əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.
Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır.
Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün qanunvericilikdə
müəyyən olunmuş qaydada torpaq sahəsi verilə bilər.
Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar
Respublika əhəmiyyətli
elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan,
milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya
və informasiya müəssisələridir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə
fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya kitabxanalararası
abonement və metodik mərkəz funksiyasını yerinə yetirir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti
bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan
Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının,
Bakı Dövlət Universiteti kitabxanasının işçilərinin əmək haqlarına
müvafiq əlavələr müəyyən edilir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 9. Kitabxanaların
digər informasiya orqanları ilə əlaqələri
Kitabxanalar sənəd-informasiya
ehtiyatlarından səmərəli istifadə məqsədilə elmi-texniki və
digər informasiya orqanları, arxivlər, başqa idarə və müəssisələrlə
qarşılıqlı əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları
və müqavilələr əsasında həyata keçirilir.
Maddə 10. Kitabxanaların
yaradılması və yenidən təşkili
Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır və yenidən
təşkil olunur.
Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna
hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi
və s) müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Maddə 11. Kitabxanaların
özəlləşdirilməsi və icarəyə verilməsi
Tipindən, tabeçiliyindən
asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən
kitabxanaların (kitabxanalarda saxlanılan sərvətlərin, onların
yerləşdiyi binaların və sahələrin) özəlləşdirilməsi və icarəyə
verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata
keçirilir.
III FƏSİL
KİTABXANA FONDU
Maddə 12. Kitabxana fondunun tərkibi
Kitabxana fondunun
tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual
və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa
informasiya daşıyıcıları daxildir.
Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış
ola bilər.
Maddə 13. Azərbaycan
Respublikasının Dövlət Kitabxana Fondu
Azərbaycan Respublikasının
Dövlət Kitabxana Fondu kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə,
qarşılıqlı istifadə, depozitar mühafizə və mübadilə prinsipləri
əsasında təşkil edilən, məlumat-axtarış sisteminə malik olan
kitabxana fondlarından ibarətdir.
Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar
qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə
mühafizə olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya
verilə bilər.
Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir.
Maddə 14. Kitabxana
fondlarının təchizatı
Kitabxanalar dövlət
və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə
uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını birinci
növbədə almaq hüququna malikdir.
Bu hüquq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat
orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar,
məcburi nüsxələrin alınması, abunə, bağışlanma və vərəsəlik
əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq
və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir.
Təhsil müəssisələri kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalarla
tənzimlənir.
Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana
fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.
Maddə 15. Kitabxanaların
pulsuz məcburi nüsxələrlə təchizatı
Milli Kitabxana,
qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları,
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar və Bakı Dövlət
Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap
məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir.
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə
məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər
tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4
pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti
orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına profilinə
uyğun olaraq 2 pulsuz nüsxə, Azərbaycan Respublikasında nəşr
olunan bütün qəzet və jurnal reaksiyaları isə 2 pulsuz məcburi
nüsxə göndərməlidirlər.
Maddə 16. Kitabxanaların mübadilə fondları
Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə
daxil olmayan çap məhsulları və digər materiallar müəyyən olunmuş
qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.
Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə
fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri
həmin fonda verilir.
Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili
kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları
üçün əlavə kitab alınmasına vəsait ayırırlar.
Maddə 17. Depozitar
kitabxanalar
Dövlət kitabxanalarında
oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi,
tarixi və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara
verilir.
Maddə 18. Dövlət
kitabxana fondlarının uçotu, mühafizəsi və onlardan istifadə
edilməsi
Dövlət kitabxana
fondlarında saxlanılan çap əsərlərinin və digər materialların
uçotu, mühafizəsi və istifadəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 19. Dövlət
kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət
Dövlət kitabxana
fonduna vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər yeni qiymətləndirmə
əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində
maddi məsuliyyət daşıyırlar.
İtirilmiş və yararsız vəziyyətə salınmış çap əsərləri və digər
materiallar kitabxana ilə razılıq əsasında başqa müvafiq çap
əsərləri və materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan
Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilən
nadir nüsxələrə şamil edilmir.
Nadir nüsxələr fonduna uçotu, mühafizəsi və istifadə qaydalarının
pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV FƏSİL
KİTABXANA
XİDMƏTİNİN TƏŞKİLİ
Maddə 20. Kitabxana
xidməti və onun vəzifəsi
Kitabxanalar çap
əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli
istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya və
informasiya xidmətləri göstərir.
Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin
etmək, informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək
məqsədi daşıyır.
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası
və beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya,
fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar,
qiyabi, kompleks vasitələrlə təşkil edilir.
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya
ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması
və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında
geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və
yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən
ibarətdir.
Maddə 21. Kitabxanaların
hüquqları
Kitabxanaların
hüquqları aşağıdakılardır:
Nizamnamələrində
göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi üsullarını
və formalarını müəyyənləşdirmək;
kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək;
köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə
müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq;
fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın
ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb
etmək:
kitabxana birliklərinin yaradılmasında iştirak etmək:
beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana,
biblioqrafiya və informasiya sahəsində keçirilən tədbirlərdə
iştirak etmək.
Maddə 22. Kitabxanaların
vəzifələri
Kitabxanalar oxucuların
mədəniyyət təsisatları və mədəniyyət sərvətlərindən istifadə
etmək hüquqları, habelə məlumat əldə etmək azadlığını təmin
etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün
hər cür şərait yaratmalıdırlar.
Maddə 23. Kitabxanalardan
istifadə sahəsində oxucuların hüquq və vəzifələri
Azərbaycan Respublikasında
hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.
Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların
nizamnamələri və müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.
Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq
qadağandır.
Oxucular istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı
ilə yanaşmalı, çap materiallarının və digər vəsaitlərin itirilməsinə
və ya yararsız hala salınmasına yol verməməlidirlər.
V FƏSİL
KİTABXANA
İŞİNİN İDARƏ OLUNMASI
Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi
Azərbaycan Respublikasında
kitabxana işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
Maddə 25. Kitabxana
işində ictimaiyyətin iştirakı
Dövlət və qeyri-dövlət
orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi
və fiziki şəxslər, kitabxana fondlarının zənginləşdirilməsi,
oxuculara xidmət işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının
və tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak
edirlər.
Maddə 26. Kitabxana
işinin elmi-metodik və kadr təminatı
Mülkiyyət formasından
asılı olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana
və elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar tərəfindən
həyata keçirilir.
Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar kitabşünaslığa,
biblioqrafiyaya və informasiyaya dair metodik materiallar nəşr
edir, kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində mütərəqqi iş
üsullarını ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının
artırılmasını təmin edir.
Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili
olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas
təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik
iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər.
Maddə 27. Kitabxanaların
maliyyələşdirilməsi
Dövlət kitabxanaları
və büdcədən maliyyələşdirilən təşkilatların tabeçiliyində olan
kitabxanalar dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin
könüllü ayırmaları və qanunvericilikdə qadağan olunmayan digər
mənbələr hesabına maliyyələşdirilir;
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının
komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli
və bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış vəsait
kitabxanaların sərəncamında qalır və onların nizamnamə fəaliyyətini
həyata keçirmək üçün istifadə edilir.
İdarə, müəssisə və təşkilatların, habelə ictimai birliklərin
kitabxanaları təsisçilərinin vəsaitləri hesabına maliyyələşdirilir.
Maddə 28. Dövlət
kitabxanalarının büdcədənkənar vəsaitləri
Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə
nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və
pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırılır.
Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə etmək şərti
tələb edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən
xüsusi xidmət növlərinə aid edilir.
Maddə 29. Kitabxanaların
inkişaf fondu
Kitabxanaların
maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə dövlət və qeyri-dövlət
inkişaf fondları təsis edilə bilər. Bu fondlar təsisçilərin
payları, hüquq və fiziki şəxslərin könüllü ayırmaları, qanunvericilikdə
müəyyən olunmuş qaydada keçirilən lotereya və digər məqsədli
kommersiya tədbirlərindən daxil olan vəsaitlər hesabına yaradılır.
Maddə 30. Kitabxanaların
maddi-texniki təchizatı
Kitabxanalar kitab fondunun saxlanması və oxuculara xidmət etmək
üçün xüsusi layihə ilə tikilmiş binalarla kitabxana işini avtomatlaşdırmaq
üçün zəruri vasitələrlə təmin edilməlidirlər.
Maddə 31. Kitabxanaların
əmlakı və təsərrüfat fəaliyyəti
Kitabxana onun
mülkiyyətində olan və ya idarəçiliyinə verilmiş əmlakdan Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edir.
Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına
torpaq sahələri və əlavə binalar ayrıla bilər.
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə
uyğun olaraq təsərrüfat fəalliyəti ilə məşğul ola bilərlər.
Bu fəaliyyətdən əldə edilən vəsait bütövlükdə kitabxananın sərəncamında
qalır.
Maddə 32. Kitabxana
işçilərinin sosial müdafiəsi
Dövlət kitabxana
işçilərinin sosial müdafiəsinə təminat verir.
Kitabxana işçilərinin
əmək haqları elm və təhsil sahələri işçilərinin əmək haqlarından
aşağı olmamalıdır.
Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla
işçilərə əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar
öz tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar
müəyyən edə bilərlər.
Kitabxana işçiləri öz peşə sosial hüquqlarını təmin etmək məqsədilə
qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər yarada
bilərlər.
VI FƏSİL
YEKUN MÜDDƏALARI
Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq
Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata
keçirilir.
Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq
kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana
işi sahəsində ictimai birliklər ilə əməkdaşlıq əldə edə bilərlər.
Maddə 34. Bu Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında
təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 1998-ci il