RAYONUMUZ
Azərbaycanın
tarixi baxımdan ən maraqlı və qədim bölgələrindən biri də Ağstafa
rayonudur. Ağstafa rayonu 1939-cu il yanvarın
24-də müstəqil rayon kimi yaradılmış, 1959-cu il dekabrın 4-də
ləğv edilərək Qazax rayonuna birləşdirilmişdir. İkinci dəfə
isə 1990-cı il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin
qərarı ilə vaxtilə tərkibində birləşdiyi Qazax rayonundan ayrılaraq
inzibati rayon kimi yenidən təşkil olunmuşdur. Rayonun inzibati
mərkəzi Ağstafa şəhəridir.
Ağstafa rayonu respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla
Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və
Ceyrançöl öndağlığında yerləşir. Qazax və Tovuz rayonları, qərbdən
isə Ermənistan və Gürcüstan Respublikaları ilə həmsərhəddir.
Sahəsi 1503,7 km.2, əhalisi 78983 nəfərdir. Rayonun 36 kəndi
var. Bunlardan ən böyükləri Dağ Kəsəmən, Köçəsgər, Muğanlı və
Aşağı Kəsəmən kəndləridir.
Səthi əsasən düzənlikdir ( Gəncə,Qazax və Qarayazı düzləri ),
cənub –qərb və şimal-şərq hissələri alçaq dağlıdır. Rayonda
üzlük bəzək daşı, bentonit gili, çınqıl, qum, sement xammalı
( vulkan külü ) və s. kimi faydalı qazıntılar mövcuddur. Rayon
ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı
axınları Ağstafa rayonu ərazisindədir. Kür çayı sahilində Tuqay
meşələri vardır. Qarayazı Dövlət Qoruğu da Ağstafa rayonu ərazisindədəir.
Tarixçilərimizin və dilçilərimizin mülahizələrinə görə Ağstafa
raonunun adı Kürün sağ qolu olan Ağstafa çayının adından götürülüb.
Bu ada ilk dəfə XIV əsr tarixçisi və coğrafiyaşünası Həmdulla
Qəzvinin «Nüzhət əl-qulub » əsərində rast gəlinir. İsgəndər
bəy Münşi isə bu sözü Axtasabad kimi qeyd edir. O yazır ki,
Şəmsəddilli, Qazax və s. tayfaların əmirləri Tiflis, Zəyəm,
Axtasabad ( Ağstafa ) və Laridə yaşayır. Bəzi ümumiləşdirilmiş
əsərlərdə Ağstafanın 1881-ci ildə Bakı- Tiflis dəmir yolu çəkilişindən
sonra poçt dayanacağı və karvansara əsasında yarandığı göstərilsə
də, bu o qədər inandırıcı deyil. Çünki ərazidə tapılmış arxeoloji
abidələr də ta qədimdən burada yaşayış məntəqəsinin olduğunu
sübut edir. Eyni zamanda Mirzə Yusif Qarabağinin « Tarixi –
Safi », və A. Bakıxanovun «Gülüstani – İrəm» əsərlərində XIX
əsrə aid hadisələrlə bağlı Ağstafanın adı yaşayış məntəqəsi
kimi çəkilir. 1728-ci ildə tərtib olunmuş «Tiflis əyalətinin
müfəssəl dəftəri»ndə Qazax sancağına aid olan dörd nahiyədən
birinin adı Ağstafadır. Ağstafa XIX əsrin sonundan dəmir yolunun
çəkilməsilə bağlı inkişaf edərək böyük yaşayış məntəqəsinə çevrilmişdir.
Xalq arasında Ağstafa adı «oğuz tayfası», «oğuz təpəsi» kimi
mənalandırılır. Lakin bu o qədər də inandırıcı deyil. Əsl həqiqəti
gələcək tədqiqatçılar üzə çıxaracaq.
Ağstafa rayonu ərazisində Neolit – Tunc, Tunc – İlk Dəmir dövrlərinə
aid tarixi- arxeoloji abidələr mövcuddur. «Çobandaşı», «Qarğalar
təpəsi», «Töyrətəpə», « Şomutəpə» və s. kimi qədim yaşayış məskənləri
və Keşikçidağ mağaralar silsiləsi, İsrafil Ağanın evi, Dağ Kəsəmən
kəndindəki məscid və s. belə abidələrdəndir. Bunlardan «Çobandaşı»
və «Töyrətəpə» qədim yaşayış məskənləri olmaqla dünya əhəmiyyətli
abidələr silisiləsinə aid edilmişdir.
Alimlərin araşdırmalarına görə Azərbaycan tarixinin əksər dövrlərində
İrandan, Gürcüstandan və digər bölgələrdən ticarət karvanları
bu yerlərdən keçərmiş. Xalq bu ticarət yolunu «Dəvə yolu» adlandırarmış.
Bu yol indi də mövcuddur. Ümummilli lider Heydər Əliyevin uzaqgörən
siyasətinin nəticəsi olan və gerçəkləşən TRASEKA layihəsi əsasında
bərpa edilən , Azərbaycanı dünya ilə birləşdirəcək, onun şöhrətini
daha da ucaldacaq bu yol tarixi « İpək yolu » adlanır. Respublikanın
paytaxtını Gürcüstan və Türkiyə Respublikaları ilə birləşdirən
şose yolu və 127 ildən bəri Ağstafanın iqtisadi və mədəni tərəqqisində
mühüm rol oynayan Zaqafqaziya dəmir yolu da rayonun ərazisindən
keçir. Lakin rayonun nəqliyyat sahəsində strateji əhəmiyyəti
bununla bitmir. Bakı - Qazax – Tbilisi qaz kəməri, Bakı – Tbilisi
- Ceyhan Əsas İxrac Boru Kəməri və Bakı – Tbilisi – Ərzurum
qaz ixrac boru kəməri də Ağstafa rayonunun ərazisindən keçir.
Ağstafa rayonunun iqtisadiyyatını əsasən kənd təsərrüfatı ,
həmçinin təbii xammal mənbəyi sayılan vulkan külü, üzlük daşı,betonit
gili, qumm-çınqıl istehsalı təşkil edir.
Bu gün Ağstafa rayonunda 39 orta ümümtəhsil məktəbi, lisey,
musiqi məktəbi, 2 muzey, 38 klub, Dövlət Rəsm qalereyası, 49
kitabxana, 3 şəhər və 10 kənd xəstəxanası fəaliyyət göstərir.
2008-ci ildən etibarən Heydər Əliyev Muzey –Mərkəzi yaradılaraq
istifadəyə verilmişdir.
|
|