İlk səhifə
Rayonumuz
Turizm
Ağstafalılar
Abidələrimiz
  Keşikçidağ qoruğu
Qəhrəmanlarımız
Bizə yazın


Uşaq kitab karvanı Ağstafada


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 19 sentyabr 2011-ci il tarixli 434 saylı əmrinə əsasən 28 sentyabr-4 oktyabr 2011-ci il tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq kitab karvanı-İpək yolu ilə” adlı regionlararası tədbir keçirilmişdir.
Sentyabrın 28-də Bakıdan yola düşən kitab karvanı Goranboy, Gəncə, Şəmkir və Tovuzdan sonra sentyabrın 3-də Ağstafa rayonuna gəlmişdir. Ağstafa şəhər Heydər Əliyev Muzey-Mərkəzində kitab karvanı ilə gələn qonaqları Ağstafa rayon İcra Hakimiyyəti başçısının Elm, təhsil, mədəniyyət üzrə müavini Lalə Eyyubova, mədəniyyət işçiləri, məktəblilər, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri qarşıladılar. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru İradə Namazova qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra kitabxana işi sahəsində ölkədə, o cümlədən, rayonda görülən işlər barədə geniş məlumat verərək sözü F. Köçərli adına kitabxananın direktor müavini Zahirə Dadaşovaya verdi. Z. Dadaşova regionlararası keçirilən bu tədbirin mahiyyəti və məqsədi haqqında geniş danışaraq kitab karvanı ilə gələn iştirakçıları bir-bir təqdim etdi. Uşaqların sevimli şairi İlyas Tapdıq, nağıllarını sevə-sevə oxuduqları Gülzar İbrahimova, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar, məktəblilərə kitab, kitabxana və mütaliə barədə dəyərli tövsiyələrini verdilər. Sonra tədbirin bədii hissəsi başlandı. Uşaqların ifasında müxtəlif məzmunlu şeirlər səsləndi. H.Arif adına Ağstafa 7 illik uşaq musiqi məktəbinin şagirdlərinin və rayon Mədəniyyət evinin “Ləman” rəqs qrupunun ifasında rəngarəng musiqi nömrələri, rəqslər ifa edildi.
Sonda kitab karvanı ilə gələn qonaqlar tədbirin təşkil olunmasında köməklik göstərdiklərinə görə rayon İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm şöbəsinə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda kitab karvanının iştirakçıları tərəfindən uşaqlara kiçik hədiyyələr və Ağstafa rayon MKS-ə 600-dək müxtəlif adda kitab və jurnallar hədiyyə edildi.
Kitab karvanı oktyabrın 4-də Qazax rayonuna yola düşmüşdür.






























Ağstafa rayonunda Xalq şairi Nəriman Həsənzadənin 80 illik yubileyi qeyd edilmişdir


30 may 2011–ci ildə Ağstafa rayonunda "Əməkdar İncəsənət xadimi", “Şərəf” və “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Xalq şairi Nəriman Həsənzadənin 80 illiyinə həsr edilmiş geniş tədbir keçirilmişdir. Tədbirdən əvvəl yubileyə dəvət olunmuş qonaqların və rayon ictimaiyyətinin iştirakı ilə Nəriman Həsənzadənin anadan olduğu Poylu qəsəbəsində rayon İH tərəfindən şairin 80 yaşına hədiyyə olaraq tikilmiş evin açılışı oldu. Sonra qonaqlar Ağstafa rayonunda yerləşən Heydər Əliyev Muzey Mərkəzində ümummilli lider Heydər Əliyevin büstünü və muzeyi ziyarət etdilər, Mərkəzi Kitabxana tərəfindən tərtib edilmiş və şairin həyatını, yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi və foto-stendlə tanış oldular. Yubiley tədbirini RİH başçısının I müavini Ramiz Tatarov açaraq şairin həyat və yaradıcılığından bir qədər məlumat verdikdən sonra hədiyyə olaraq tikilmiş evin rəmzi açarını şairə təqdim etdi. Sonra Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən çəkilmiş və şairin uşaqlıq illərinə həsr edilmiş kiçik bir film nümayiş etdirildi. Yubiley tədbirini Milli Məclisin deputatı, akademik Nizami Cəfərov apardı. Tədbirdə şairlərdən İlyas Tapdıq, Ramiq Muxtar, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri Barat Vüsal, Xalq artisti Tariyel Qasımov, Əməkdar artist Sabir Əhmədov, Bakı şəhər Metropoliteninin rəisi Tağı Əhmədov və digərləri şairin həyat və yaradıcılığından bəhs edən çıxışlar etdilər. Yubiley gecəsində yerli müğənnilərlə yanaşı Bakıdan dəvət olunmuş müğənnilər, o cümlədən tanınmış aşıqlardan Solmaz Kosayeva, Aşıq Ədalət və məhşur gitara ifaçısı Rəmiş də öz ifaları ilə şairi təbrik etdilər. Bədii qiraət dərnəyinin üzvləri Nəriman Həsənzadənin şeirlərindən parçalar səsləndirdilər. Tədbirin sonunda söz şairin özünə verildi. Nəriman Həsənzadə rayon İH-nə, tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirdikdən sonra bir neçə şeir söylədi. Bununla da tədbir başa çatdı.













































Ağstafada Kitab bayramı


24 may 2011-ci ildə Ağstafa rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş IV Kitab bayramı keçirilmişdir. Ağstafa rayon MKS-nin direktoru İradə Namazova Kitab bayramını açıq elan edərək kitabxana işi sahəsində ölkədə aparılan islahatlardan, o cümlədən bu sahədə rayonda görülən işlərdən danışmış, ictimaiyyəti bilik, zəka mənbəyi olan kitabxanalara dəvət etmişdir. O bildirmişdir ki, bu cür tədbirlərin keçirilməsində məqsəd həm geniş ictimaiyyətin diqqətini kitabxanaların fəaliyyətinə cəlb etmək, həm də zəngin tarixi və ədəbi irsimizi özündə əks etdirən kitabları təbliğ etməkdən ibarətdir. Sonra söz bayram iştirakçılarına verilmişdir. Məktəbli oxucuların ifasında kitaba, Vətənə, azadlığa həsr edilmiş şeirlər, müdrik sözlər səsləndirilmiş, kiçik yaşlı oxucuların ifasında nağıl qəhrəmanlarının obrazları əsasında səhnəcik göstərilmişdir. Bayram tədbirində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş rəsm müsabiqəsi iştirakçılarının çəkdiyi rəsmlər də nümayiş etdirilmişdir. Ağstafa rayon Mədəniyyət Evinin “Ləman” rəqs ansamblının və “Oğuz tayfa” ansamblı üzvlərinin ifasında rəngarəng musiqi nömrələri səsləndirilmişdir. Tədbirdə Ağstafa rayon İH aparatının məsləhətçiləri, rayon Təhsil şöbəsinin işçiləri, şəhər 2 saylı uşaq bağçasının kollektivi, məktəbdənkənar təhsil müəssisələrinin, şəhər məktəblərinin müəllim və şagird kollektivləri, yerli yazarlar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.















































31 mart - azərbaycanlıların soyqırımı günüdür


2011-ci il martın 31-də Ağstafa rayon Mərkəzi Kitabxanasında 31 mart-azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirilmişdir. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov tədbiri açaraq 31 mart hadisələrinin mahiyyətindən, xalqımıza qarşı törədilən soyqırım hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasında təbliğat işçiləri olaraq mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən danışmışdır. MKS-nin direktoru İradə Namazova “Tarixin qanlı səhifəsi” adlı məruzə ilə çıxış edərək mart qırğınlarına qədər və ondan sonra azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrindən, azərbaycanlıların tarixən yaşadıqları torpaqlarından deportasiya edilməsinin səbəblərindən, soyqırım hadisələrinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin böyük rolundan danışmışdır. “Xidmət” şöbəsinin müdiri N. Əzizova, “Metodika” şöbəsinin müdiri G. Sadıxova, Tarix-diyarşünaslıq muzeyinin işçisi H. Namazova, Xalq şairi H.Arifin ev muzeyinin işçisi M. Məmmədov çıxış edərək 31 mart hadisələrinə öz münasibətlərini bildirmişlər. Tədbir iştirakçılarının ümumi fikrinə görə bu cinayətləri törədənlərin cəzalarına çatmaları, azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması üçün hər bir azərbaycanlı mübarizə aparmalı və bu tarix yalnız hər il martın 31-də deyil, hər gün xatırlanmalı, unudulmamalı və öyrənilməlidir.



"Şairlər Vətəni bizim tərəflər..." kitabının təqdimatı keçirilmişdir.


2011-ci il martın 4-də Ağstafa rayon Mərkəzi Kitabxanasında “Şairlər Vətəni bizim tərəflər...” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbiri MKS-in direktoru İradə Namazova açaraq bildirmişdir ki, tarixən Qazax –Ağstafa mahalı özünün şair və yazarları ilə Azərbaycan ədəbiyyatında mühüm yer tutmuşdur. Təqdim olunan bu kitabda XVIII əsrdən üzü bəri, yəni M.V.Vidadidən başlayaraq bu günümüzə qədər Qazax və Ağstafa rayonlarından olan şairlərin şeirlərindən nümunələr verilmişdir. Topluya daxil edilən şairlərin adları onların doğum tarixinə görə sıralanmışdır. Ümumilikdə kitaba 150-dən artıq şairin şeirləri daxil edilmişdir ki, bu da hələ bütün yazarları əhatə etmir. Kitabın tərtibçiləri f.e. üzrə fəlsəfə doktoru Salatın Əhmədli və AYB Qazax zona filialının sədri şair Barat Vüsal, rəyçilər Xalq şairi Nəriman Həsənzadə və akademik Nizami Cəfərov, redaktorları isə f.e. üzrə fəlsəfə doktorları Fəridə Ləman və Rüstəm Kamaldır. İ.Namazova bildirmişdir ki, elə tərtibçilərin kimliyi və elmi səviyyəsi bu kitabın necə bir süzgəcdən keçdiyindən və necə bir samballı toplu olmasından xəbər verir. Tədbirdə şəhər 1 saylı orta məktəbin dil-ədəbiyyat müəlliməsi Sveta Məmmədova, şairlərdən Firdovsi Heydərli, Valeh Haxlı, Mustafa Rasimoğlu, Şahinə Könül, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının professoru Rüstəm Rüstəmzadə çıxış edərək kitabın məziyyətlərindən danışmış, belə bir kitabın nəşri üçün tərtibçilərə təşəkkürlərini bildirmişlər. Sonda söz tərtibçilər Salatın Əhmədliyə və Barat Vüsala verilmişdir. Tətribçilər onların əməyinə verilən qiymətə görə tədbir iştirakçılarına minnətdarlıqlarını bildirmişlər. Onlar qeyd etdilər ki, kitab Qazax-Ağstafa rayonlarından olan şairlərin hamısını tam əhatə etmədiyindən artıq təkmilləşdirilmiş variantın nəşri üzərində düşünülür. Təqdimat mərasimində oxucuların ifasında S.Vurğunun, N.Həsənzadənin, H.Arifin, N.Kəsəmənlinin, B.Vüsalın şeirləri və mahnılar səslənmişdir.



Xocalım-qan yaddaşım

25 fevral 2011-ci ildə Ağstafa rayon Mədəniyyət evində rayon Mərkəzi Kitabxanasının, Mədəniyyət evinin və musiqi məktəbinin təşkilatçılığı ilə Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Xocalı-qan yaddaşım” adlı ədəbi-bədii gecə keçirilmişdir.Gecədən əvvəl tədbir iştirakçıları Mərkəzi Kitabxananın təşkil etdiyi “Xocalı:bu günün və gələcəyin harayı” adlı sərgi ilə tanış olmuşlar.Xocalı faciəsini əks etdirən film nümayiş etdirildikdən sonra aparıcıların, oxucu-məktəblilərin və musiqi məktəbinin xor kollektivinin ifasında ədəbi-bədii kompozisiya səslənmişdir. Tədbirdə Xocalı faciəsindən bəhs edən kiçik səhnəciklər də nümayiş etdirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətini başçısı E.Usubov, İcra Hakimiyyəti aparatının işçiləri, idarə və təşkilatlardan, məktəblərdən nümayəndələr iştirak etmişlər.





Müstəqilliyə gedən şanlı yolun qanlı gecəsi

20 yanvar 2011-ci ildə Ağstafa rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş "Müstəqilliyə gedən şanlı yolun qanlı gecəsi" adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin müdiri Nənəxanım Əzizova faciənin başa vermə səbəblərindən, Azərbaycan oğul və qızlarının göstərdikləri şücaətdən danışdı. Mədəniyyət və Turizm şöbəsinin müdiri G.Kərimov 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında,faciəyə ilk dəfə siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin fəaliyyətindən danışdı.Bundan sonra oxucuların ifasında ədəbi-bədii kompozisiya səsləndi. Tədbirdən sonra gecə iştirakçıları rayon ictimaiyyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmişlər. Ədəbi-bədii kompozisiya Şəhidlər Xiyabanında da səsləndirilmişdir.







Həmid Abbas-75

2010-cu il oktyabrın 22-də Ağstafa rayon Mərkəzi Kitabxanasının və “Hüseyn Arif” adına ədəbi birliyin təşkilatçılığı ilə şair Həmid Abbasın anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri şair-publisist Firdovsi Heydərli açaraq Həmid Abbasın həyat və yaradıcılığından danışmışdır. Çıxış edənlərdən şair Barat Vüsal, Ələddin İncəli, Aydın Tağızadə və başqaları H.Abbasla bağlı xatirələrindən danışmışlar. Tədbirdə məktəblilərin ifasında Həmid Abbasın şeirləri, sözlərinə yazılmış mahnılar səslənmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin işçiləri, şairin qohumları, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.








Ağstafada 9 may Qələbə gününə həsr olunmuş möhtəşəm tədbir

2010-cu il may ayının 7-də Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və şəhər Mədəniyyət evinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar müharibə veteranları ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sısteminin direktoru İradə Namazova açaraq Böyük Vətən Müharibəsinin başlanma tarixi, Azərbaycanın qəhrəman oğul və qızlarının müharibədə, döyüş meydanlarında, həmçinin arxa cəbhədə göstərdikləri igidliklər barədə geniş məlumat vermişdir.
Görüşdə çıxış edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov dövlətin müharibə veteranlarına göstərdiyi qayğıdan danışmış, veteranları bu bayram münasibətilə təbrik etmiş, onlara pul mükafatı və yubiley medalları təqdim etmişdir.
Tədbirdə Böyük Vətən Müharibəsindən bəhs edən film nümayiş etdirilmiş, müharibə veteranlarının xatirələri dinlənilmiş, oxucuların və aşıqların ifasında Qələbəyə, Vətənə həsr edilmiş şeirlər, mahnılar səslənmişdir.
Müharibə veteranları ilə keçirilən bu görüşdə rayonun idarə və müəssisələrindən nümayəndələr, gənclər və kitabxana işçiıəri iştirak etmişlər.

“20 Yanvar – tarixin qan yaddaşı” ədəbi-bədii gecə


2010-cu il yanvar ayının 19-da 1990-ci il-20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə əlaqədar Ağstafa rayon MKS-nin, Mədəniyyət evinin və musiqi məktəbinin birgə təşkilatçılığı ilə “20 Yanvar – tarixin qan yaddaşı” adlı geniş tədbir keçirilmişdir.

Tədbirdə 20 Yanvar hadisələrinin baş vermə səbəblərindən , həmin hadisələrdə xalqımızın oğul və qızlarının göstərdiyi qəhrəmanlıqlardan söhbət açılmış, “20 Yanvar-azadlıq mübarizəsinin ən uca zirvəsi” adlı geniş sərgi tərtib edilmişdir.

Rəsmi hissədən sonra şəhər kitabxanalarının oxucularının, Mədəniyyət evinin dərnək üzvlərinin və musiqi məktəbinin xor kollektivinin iştirakı ilə ədəbi kompozisiya nümayiş etdirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsləhətçiləri, müəssisə və kollektivlərdən nümayəndələr və şəhər məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.

20 Yanvar hadisələrinə həsr edilmiş tədbirlər kənd kitabxana-filiallarında davam etdirilmişdir.