Dövlət Proqramı icra edilir
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədilə 2011-ci ilin avqust-sentyabr aylarında Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanasında, şəhər və kənd kitabxanalarında cari təmir işləri aparılmış, kitabxanaların yerləşdiyi binaların ətrafı abadlaşdırılmışdır.
Təmir olunmuş kitabxanaların bəzilərinə yeni inventarlar verilmişdir. Kitabxanaların yeni inventarla təmin olunması işi bundan sonra da davam etdiriləcək.
MKS direktorlarının iştirakı ilə seminar-müşavirə
2011-ci il avqust ayının 5-də Tovuz rayonunda respublikanın qərb rayonlarında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemləri direktorlarının iştirakı ilə seminar-müşavirə keçirilmişdir.Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova seminar-müşavirəni açdıqdan sonra sözü Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalova verdi.
T. Zeynalov respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial-iqtisadi və mədəni quruculuq işlərindən, o cümlədən, bu sahələrdə Tovuz rayonunda görülmüş işlərdən geniş danışaraq seminarın işinə uğurlar arzuladı. Sonra Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Pespublika Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın respublikada, o cümlədən, qərb rayonlarında yerinə yetirilməsi vəziyyətindən, həmçinin qarşıda duran vəzifələrdən danışdı.
Lətifə Məmmədova ayrı-ayrı rayonların Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyəti, işlərindəki nöqsanlar və çatışmamazlıqlar barədə irad və tövsiyələrini bildirdi. Seminar müşavirədə Dövlət Proqramına əsasən kitabxanalarda elektron kitabxanaların və kataloqların yaradılması, kitabxanalarda işin təşkili, oxuculara xidmət, təbliğat işlərinin təşkili və digər məsələlər geniş təhlil olundu. Sonda L. Məmmədova MKS direktorlarının sualları cavablandırdı.
Qazax rayonunda mədəni-maarif işçiləri üçün səyyar kurs təşkil edilmişdir
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin 22 iyun 2011-ci il tarixli, 305 saylı əmrinə əsasən mədəniyyət müəssisələrində çalışan klub və kitabxana işçilərinin peşəkarlıq səviyyəsının artırılması üçün Bərdə, Ağdaş, Qazax rayonlarında, habelə Gəncə şəhərində Respublika Mədəniyyət Müəssisələri İşçılərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən zonalar üzrə 10 günlük səyyar yay kursları təşkil edilmişdir.
2011-ci il iyul ayının 26- dan avqust ayının 4-dək Qazax reqional mərkəzində Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarından olan orta təhsilli mədəniyyət işçiləri üçün səyyar kurs təşkil edilmişdir.
Həm kitabxana, həm də klub üzrə 72 saatlıq tədris proqramına əsasən dinləyicilərə 16 saat mədəniyyət siyasəti, nitq mədəniyyəti, kulturologiya, mədəniyyətin idarə olunması məsələləri barədə, qalan saatlarda isə sırf ixtisasa uyğun olaraq “Kitabxana işi haqqında Qanun”, “Kitabxana fondunun komplektləşdirilməsi, uçotu, düzülüşü, mühafizəsi”, “Kitabxanaların sosial funksiyaları”, “Kitabxanada oxucularla fərdi iş”, “İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanaların yeri və rolu”, “Elektron kitabxana, elektron kataloqların yaradılması” mövzularında dərslər keçilmişdir. Klub müəssisələrində də eyni qayda ilə 16 saatlıq qeyri ixtisas, qalan saatlarda isə ixtisasa uyğun olaraq “Müstəqillik şəraitində klub müəssisələrinin qarşısında duran vəzifələr”. “Mədəni-kütləvi işin təşkili, asudə vaxt fəaliyyətinin əsas növləri və formaları”, “Bədii kollektivlərin növləri və inkişaf tendensiyaları”, “Bədii xalq yaradıcılığının etnoqrafik- folklor formaları”, “Azərbaycanın mədəni irsi və turizm mədəniyyəti” mövzularında dərslər keçilmişdir.
Yay kurslarında Ağstafa rayon MKS-dən 10 nəfər orta təhsilli kənd kitabxana-filial işçisi iştirak etmişdir. Kursda iştirak edənlərə vəsiqələr verilmişdir.
Şair ömrü ömürlərə bağlıdır...
2011-ci il iyunun 16-da Xalq şairi Hüseyn Arifin Ev muzeyində şairin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir əvvəlcə şairin Ağstafa şəhərindəki qəbirüstü abidəsinin ziyarəti və ev muzeyinə ekskursiya ilə başladı. Tədbiri giriş sözü ilə açan muzey əməkdaşı Dilbər Sadıqova şeirləri ilə ömrünü ömürlərə bağlayan Hüseyn Arifin həyat və yaradıcılığından geniş danışdıqdan sonra şairin sənət dostları -şair Firdovsi Heydərli, Barat Vüsal, Valeh Haxlı, Nəriman Mehdixanlı və muzeyin əməkdaşı Mahmud Məmmədov Hüseyn Ariflə bağlı xatirələrini söylədilər.
Sonra məktəblilərin ifasında Hüseyn Arifin şeirləri və sözlərinə yazılmış mahnılar, aşıq havaları səsləndirildi.
15 İyun- Milli Qurtuluş günüdür
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.
1993-cü ilin əvvəlləri elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi və Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Milli Qurtuluş günü münasibətilə 2011-ci il iyunun 14-də Ağstafa rayonunda təşkil edilən bayram tədbiri ümummilli lider Heydər Əliyevin büstünü ziyarətlə başladı. Sonra Rayon İH Başçısının vəzifəsini icra edən Ramiz Tatarov bu bayramın tarixindən, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini qorumaq uğrunda apardığı mübarizədən, gördüyü işlərdən, onun xilaskarlıq missiyasından geniş danışdı. Rəsmi hissədən onra söz mədəniyyət işçilərinə verildi. Heydər Əliyevə, Azərbaycana həsr edilmiş şeir və mahnılar ifa edildi.
18 may- Beynəlxalq Muzeylər Günü
18 may - Beynəlxalq Muzeylər günü münasibətilə Ağstafa rayonunda fəaliyyət göstərən Heydər Əliyev Muzey Mərkəzində, Tarix-diyarşünaslıq Muzeyində və Xalq şairi Hüseyn Arifin Ev muzeyində maraqlı tədbirlər təşkil edilmişdir. Tədbirlərdə hər üç muzeyin fəaliyyəti haqqında geniş məlumat verilmiş, maraqlı ekspozisiyalar nümayiş etdirilmişdir. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri G.Kərimov çıxış edərək bildirmişdir ki, xalqımızın tarixinin, tarixi şəxsiyyətlərinin, mədəniyyətinin öyrənilməsində, maddi-mədəniyyət abidələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində muzeylərin rolu böyükdür. O, muzey işçilərini təbrik edərək, onlara bu şərəfli işlərində uğurlar arzulamışdır.
Tədbirlərdə şəhər məktəblərinin müəllim və şagird kollektivləri, mədəniyyət işçiləri iştirak etmişlər.
"LƏMAN" rəqs ansamblı Türkiyədə
Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən “Ləman” rəqs ansamblı Türkiyə Respublikasının Sakarya vilayətinin rəhbərliyinin dəvəti ilə 2011-ci il aprelin 18-dən 24-dək “Beynəlxalq uşaq xalq rəqsləri festivalı”nda iştirak etmək üçün həmin ölkədə səfərdə olmuşdur. Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimovun rəhbərliyi ilə 20 nəfərdən ibarət heyət səfər müddətində Türkiyədə qeyd olunan 23 Aprel – Uşaqlar günündə iştirak etmişdir. Repertuarına müxtəlif Azərbaycan xalq rəqslərini daxil edən “Ləman” rəqs ansamblı bir neçə müəssisə və təşkilatlarda, məktəblərdə, ümumilikdə isə 10-dan artıq konsert proqramında məharətlə çıxış etmiş, tamaşaçıların rəğbətini qazanmışdır. Maraqlı və rəngarəng çıxışlarına görə ansambl şəhər rəhbərliyi tərəfindən müxtəlif təşəkkürnamələr və hədiyyələrlə təltif edilmişdir.
Ağstafada 8 Mart Beynəlxalq Qadınlar günü qeyd edildi
8 Mart 2011-ci ildə Ağstafa rayonu Heydər Əliyev adına Muzey Mərkəzdə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir.
Tədbirə rayonun ictimai həyatında fəal iştirak edən , həmçinin müxtəlif idarə və müəssisələrdə çalışan qadınlar dəvət olunmuşdular. Tədbirin əvvəlində Ağstafa rayon İcra Hakimiyyəti Başçısı Elxan Usubovun rayon qadınlarına təbriki səslənmiş, ardınca isə müxtəlif çıxışlar olmuşdur.
Təhsil işçiləri adından Təhsil şöbəsinin müdiri L.Batıyeva, səhiyyə işçiləri adından rayon xəstəxanasının həkimi F.Vəliyeva, mədəniyyət işçiləri adından Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İ.Namazova çıxış edərək ölkədə aparılan islahatlardan, dövlətin apardığı gender siyasətindən, qadınların ictimai-siyasi həyatdakı rolundan danışmış, təşkil edilən bayram tədbiri üçün rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Bayram tədbiri haqqında Azərbaycan Dövlət Televiziyasında məlumat verilmişdir.
"Biz Heydər nəvəsiyik"
Ulu Öndər Heydər Əliyevin irsini araşdırmaq, həyat və fəaliyyətini daha dərindən öyrənib, təbliğ etmək hər bir azərbaycanlının borcudur. Bu səbəbdən Ağstafa şəhər Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir. Mərkəzin tədbirlər planına əsasən yanvar ayında “Biz Heydər nəvəsiyik” başlığı altında Ağstafa rayon məktəbəqədər təhsil müəssisələri arasında müsabiqə elan edilmişdir.
10 məktəbəqədər müəssisənin qatıldığı müsabiqənin seçim turu 2011-ci il yanvarın 18-də Heydər Əliyev Mərkəzində keçirilib. Müsabiqədə 10 bağçadan cəmi 73 nəfər iştirak etmişdir. Körpələr əvvəlcədən müəyyən edilmiş münsiflər heyətinin qarşısında öz bilik və bacarıqlarını sərgiləyərək final turuna vəsiqə qazanmışlar.
Final mərhələsi 2011-ci il yanvar ayının 25-də Heydər Əliyev Mərkəzində keçirilmişdir. Final turunda üç məktəbəqədər müəssisə-Ağstafa şəhər 2 saylı uşaq bağçası, Poylu kənd 1 saylı uşaq bağçası və Dağ kəsəmən kənd 2 saylı uşaq bağçası iştirak etmişdir. Müsabiqənin şərtlərinə əsasən uşaqlar şeir, səhnəcik, mahnı, xor və digər nömrələrlə çıxış etmişlər.
Gərgin mübarizənin nəticəsində birinci yeri Ağstafa şəhər 2 saylı uşaq bağçası, ikinci yeri Poylu kənd 1 saylı uşaq bağçası, üçüncü yeri isə Dağ Kəsəmən kənd 2 saylı uşaq bağçası tutmuşlar.Uşaqlar diplom və Rayon Mədəniyyət işçiləri həmkarlar ittifaqının təsis etdiyi hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbirdə RİH nümayəndəsi Əli Cəfər oğlu, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Zahid Sultanov qonaq qismində iştirak etmişlər.
Tədbirin sonunda xatirə fotoları çəkilmişdir. Qeyd olunmuşdur ki, gələcəkdə bu səpkili tədbirlər davam etdirilsin.
Ağstafada Yeni il şənlikləri
30 dekabr 2010-cu ildə Ağstafa rayon Mədəniyyət evində kimsəsiz uşaqların, uşaq bağçalarının və məktəblilərin iştirakı ilə bayram şənliyi keçirilmişdir. Şənlikdə Ağstafa rayon İcra Hakimiyyəti başçısının Elm, təhsil, mədəniyyət məsələləri üzrə müavini Lalə Eyyubova çıxış edərək uşaqları Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmiş, onlara xoş arzularını bildirmişdir.Şaxta baba və Qar qızın şənliyə qatılması uşaqların sevincinə səbəb olmuşdur.Onlar bəzədilmiş şam ağacının ətrafında Şaxta baba və Qar qızla birlikdə mahnılar oxumuş, rəqs etmişlər. Sonda Şaxta baba uşaqlara yeni il hədiyyələri paylamışdır.
Bayram şənlikləri sonrakı günlərdə şəhər əhalisinin iştirakı ilə Səməd Vurğun adına mədəniyyət və istirahət parkında davam etdirilmişdir.
Aşıq Şəmşir adına Gənc aşıqların V respublika müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin 10 dekabr 2010-cu il tarixli 603 nömrəli əmrinə əsasən 2010-cu il dekabr ayının 13-dən 17-dək Ağstafa şəhərində Aşıq Şəmşir adına Gənc aşıqların V respublika müsabiqəsinin yekun turu və qaliblərin iştirakı ilə konsert keçirilmişdir.
Müsabiqədə respublikanın 33 regionundan 77 nəfər gənc aşıq öz bacarıqlarını nümayiş etdirmişlər.
Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, aşıq İ.Rüstəmov, əməkdar mədəniyyət işçisi E.Məmmədli, aşıq Y.Bədəlov, aşıq S.Kosayeva, aşıq M.Məşədiyev, əməkdar mədəniyyət işçisi N.Qasımov müsabiqənin münsiflər heyətinin tərkibində iştirak etmişlər.
Münsiflər heyətinin yekdil rəyinə əsasən I mükafat, I dərəcəli diplom və laureat adına Kərimli Əfsanə Şaiq qızı (Ağstafa rayonu), II mükafat, II dərəcəli diplom və laureat adına Abdullayev Anar Nizami oğlu (Gədəbəy rayonu), III mükafat, III dərəcəli diplom və laureat adına Məmmədov Ruslan İbrahim oğlu (Qazax rayonu), 3 həvəsləndirici mükafat və diplomlara Kamalov Ərəstun İsməli oğlu (Kəlbəcər rayonu), Sarıyeva Leyla Mehman qızı (Sumqayıt şəhəri) və Osmanov Əsgər Rafiq oğlu (Şuşa rayonu) layiq görülmüşlər.
Qaliblərin iştirakı ilə yekun konsert Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilmişdir. Foyedə Ağstafa rayon mədəniyyət evinin aşıqlar ansamblı, özfəaliyyət rəqs kollektivinin çıxışları təşkil olunmaqla bərabər, qədim məişət əşyalarından ibarət sərgi də nümayiş etdirilmişdir.
Konserti Ağstafa rayon İcra Hakimiyyəti başçısının Mədəniyyət, təhsil və səhiyyə üzrə müavini L.Eyyubova açaraq tədbirin mahiyyətindən, aşıq sənətinə dövlət qayğısından danışmışdır. Konsertdən sonra rayon İcra Hakimiyyətinin başçısı E.Usubov müsabiqənin Ağstafada keçirildiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirmiş, müsabiqənin Ağstafa rayonunun və ümumilikdə respublikanın mədəni həyatında mühüm hadisə olduğunu vurğulamışdır. Sonra qaliblərə rayon İcra Hakimiyyəti başçısının təsis etdiyi mükafatlar və Fəxri Fərmanlar təqdim olundu.
Konsertdə gənc aşıqlarla yanaşı ustad sənətkarlar İ.Rüstəmov, S.Kosayeva və Y.Bədəlov da tamaşaçılar qarşısında çıxış etdilər.
Kitabxanaların elektron resusrlarının idarə olunması
“Azərbaycan Respublikasında kitabxana – informasiya 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər planının II bölməsində nəzərdə tutulmuş kitabxanalarda ictimai-hüquq və uşaq hüququ informasiya mərkəzlərinin yaradılması, kitabxanaların informasiyalaşdırılması və müxtəlif elektron məlumat bazalarının yaradılması və müxtəlif elektron məlumat bazalarının yaradılması ilə əlaqədar 2010-cu il dekabr ayının 13 dən – 17 dekabr tarixinə kimi C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanaların elektron resurslarının idarə olunması” mövzusunda treninq keçirilmişdir. Ağstafa rayon Mərkəzi Kitabxanasından 2 mütəxəssis- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Namazova və “Komplektləşdirmə və kitabişləmə şöbəsi”nin redaktoru Nərmin Məmmədova treninqdə iştirak etmişlər.
Treninqi giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə Məmmədova açaraq respublikanın kitabxana-informasiya sahəsində aparılan islahatlar, o cümlədən kitabxanaların informasiyalaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə danışdı. O, kitabxanalarda yaradılan elektron resursların, habelə hüquqi informasiya mərkəzlərinin fəaliyyətinin daha da genişləndirilməsinin vacib olduğunu qeyd etdi.Çıxışdan sonra Yazıçılar birliyinin üzvü Əli Eyvazov İctimai hüquqi İnformasiya bazası, bu sahədə hüquqi xidmət və hüquqi informasiyanın əhaliyə çatdırılmasından söhbət açdı. Sonra Treninqdə Rusiya Federasiyasının Hüquqi İnformasiya Mərkəzinin Moskva ofisi ilə onlayn video bağlantı yaradıldı və diskussiyalar keçirildi. Sonrakı saatlarda C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Günay Həsənova “ İctimai Hüquq İnformasiya mərkəzlərinin yaradılması və fəaliyyəti”, “Veb-saytların yaradılması və saytda məlumatların yerləşdirilməsi”, S. Osmanova “İRBİS – 64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin Administrator və oxucu modulları ilə iş” mövzularında çıxışlar etmişlər. Sonrakı günün Təlimlərində Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına dair nəzəri və praktiki kurslar keçirildi. Treninqdə Prezident Kitabxanasının, Gəncə və Sumqayıt şəhər Mərkəzi Kitabxanalarının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət təcrübəsi və bu mövzularda hazırlanmış təqdimatlar nümayiş etdirildi. Treninq böyük uğurla sona yetdi.
Sonda iştirakçılara Sertifikatlar təqdim olundu
“20 Yanvar – tarixin qan yaddaşı” ədəbi-bədii gecə
2010-cu il yanvar ayının 19-da 1990-ci il-20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə əlaqədar Ağstafa rayon MKS-nin, Mədəniyyət evinin və musiqi məktəbinin birgə təşkilatçılığı ilə “20 Yanvar – tarixin qan yaddaşı” adlı geniş tədbir keçirilmişdir.
Tədbirdə 20 Yanvar hadisələrinin baş vermə səbəblərindən , həmin hadisələrdə xalqımızın oğul və qızlarının göstərdiyi qəhrəmanlıqlardan söhbət açılmış, “20 Yanvar-azadlıq mübarizəsinin ən uca zirvəsi” adlı geniş sərgi tərtib edilmişdir.
Rəsmi hissədən sonra şəhər kitabxanalarının oxucularının, Mədəniyyət evinin dərnək üzvlərinin və musiqi məktəbinin xor kollektivinin iştirakı ilə ədəbi kompozisiya nümayiş etdirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsləhətçiləri, müəssisə və kollektivlərdən nümayəndələr və şəhər məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.
20 Yanvar hadisələrinə həsr edilmiş tədbirlər kənd kitabxana-filiallarında davam etdirilmişdir.