Xalq şairi Hüseyn Arif
Hüseynzadə Hüseyn
Camal oğlu (Hüseyn Arif) 1924-cü il iyunun 15-də Ağstafa rayonunun
Yenigün kəndində anadan olmuşdur.
Bakı
pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində
(1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Xarici
ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində
şöbə müdiri (1957-1959), «Azərnəşr»in Bədii Ədəbiyyat Redaksiyasında
böyük redaktor (1965-1967), Gənclik Nəşriyyatında bədii ədəbiyyat
redaksiyasının müdiri (1967-1968), 1982-ci ildən Azərbaycan
Aşıqlar Birliyinin sədri vəzifəsində işləmişdir. 1991-ci ildə
Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır.
«Yeni həyat yollarında», «Mən sülhə səs verirəm», «Rus dili
müəlliməsi», « Yolda», «Ömür çeşməsi», «Sibir töhfələri»,
«Söylə yadındamı», «Qocalan deyiləm», «Ayrı düşəli», «Seçilmiş
əsərlər», « Dilqəm» və s. kimi şeir kitablarının müəllifidir.
Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov
adına Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı
eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar
Teatrında tamaşaya qoyulmuşdur. Əsərləri keçmiş SSRİ və bir
sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur,
şeirlərinə musiqi bəstələnmişdir.
Hüseyn Arif 1949-cu ildən Yazıçılır Birliyinin üzvü olmüş,
1971-ci ildə «Qızıl oraq», 1978-ci ildə Azərbaycan Dövlət
Mükafatı laureatları olmuş, 1989-cu ildə isə Azərbaycanın
Xalq şairi adını almışdır.
Hüseyn Arif 1992-ci il sentyabrın 14-də vəfat etmiş, doğma
kəndində dəfn olunmuşdur.
İsa Hüseynov
- 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib..
Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə
daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil
olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki
adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin
redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan"
qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968),
redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan
Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində
çalışıb.
1950-ci illərdən etibarən kitabları nəşr olunub. «Bizim qızlar»,
« Yanar ürək», «Doğma və yad adamlar», « Tütək səsi», « Saz»,
« İdeal», «Məhşər» və s. kimi roman və povestlər kitablarının
müəllifidir. Ssenariləri əsasında ("26 Bakı Komissarı",
"Nəsimi", "Ulduzlar sönmür" , «Zəlimxan
dastanı» və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə
olunmuşdur. "26 Baki Komissarı" filmi 1968-ci ildə
Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi
film mükafatını almışdır
Nizami
Qulu oğlu Cəfərov
Nizami Qulu oğlu Cəfərov 1959-cu il sentyabrın 21-də Ağstafa
rayonunun Zəlimxan kəndində anadan olmuşdur. 1982-ci ildə ADU-nun
filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və Aəzrbaycan
dilçiliyi üzrə aspiranturaya saxlanılmışdır. 1985-ci ildə «Sadə
cümlənin struktur- semantik inkişafı» mövzusunda dissertasiya
müdafiə edərək filologiya elmləri namizədi elmi adını almış,
1985-1987-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda
elmi işçi, 1987-1991-ci illərdə «Ədəbiyyat» qəzetində tənqid
və ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsində işləmiş, 1991-ci
ildə «XVIII əsr Azərbaycan türk ədəbi dili» mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik
dərəcəsini almışdır. 1994-2001-ci illərdə BDU-nun filologiya
fakültəsinin dekanı, türkololgiya kafedrasında baş müəllim,
professor, ümumi dilçilik kafedrasının müdiri vəzifələrində
çalışmışdır. 2001-2003-cü illərdə Azərbaycan Ali Attestasiya
Komissiyasının Dilçilik üzrə doktorluq müdafiəsi Şurasının sədri
olmuş, 2003-cü ildən isə orada filologiya elmləri üzrə ekspert
Şurasının sədridir.
N. Cəfərov 2000-ci ildə « Əməkdar elm xadimi» Fəxri adını almış,
Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Mədəniyyət
məsəsəlləri üzrə Daimi komissiyanın sədri, 2001-ci ildə Azərbaycan
MEA-nın müxbir üzvü seçilmiş, 2001-ci ildə Azərbaycanda Atatürk
Mərkəzinin rəhbəri təyin edilmişdir.
Görkəmli alim «Füzulidən Vaqifə qədər», «Azərbaycan türkcəsinin
milliləşməsi tarixi», «Bəxtiyar Vahabzadə», «Türk dünyası: xaos
və kosmos», «Genezisdən tipologiyaya», «Eposdan kitaba», «Ədəbiyyatdan
siyasətə», «Klassiklərdən müasirlərə», «Qədim türk ədəbiyyatı»,
«Türk xalqları ədəbiyyatı» ( 4 cilddə), «Heydər Əliyev», «İlham
Əliyev», «Seçilmiş əsərlər» (5 cilddə), «Azərbaycanşünaslığa
giriş», «Azərbaycanşünaslığın əsasları», «Atatürkün Azərbaycan
siyasəti» və s. kimi sanballı elmi əsərlərin müəllifidir.
Xalq şairi Nəriman Həsənzadə
Həsənzadə
Nəriman Əliməmməd oğlu 1931-ci il fevral ayının 18-də Azərbaycanın
Qazax rayonunun Poylu qəsəbəsində (indiki
Ağstafa rayonunun) anadan olmuşdur.1954-cü ildən Yazıçılar Birliyinin
üzvüdür.1981-ci ildə «Əməkdar İncəsənət xadimi», 2005-ci ildə
isə Azərbaycanın «Xalq şairi» fəxri adlarını almışdır.
«Nəriman», «Zümrüd quşu», «Nabat xalanın çörəyi», «Bir az möhlət
istəyirəm ömürdən», «Mənim nikahımı pozdu təbiət», «Kimin sualı
var?», «Bütün millətlərə», «Taleyin töhfəsi» «Poylu-beşiyim
mənim » və s. kimi şeir kitablarının müəllifidir.
Şairin tarixi janrda yazdığı «Pompeyin Qafqaza yürüşü» əsəri
Azərbaycan Akademik Milli Dram teatrında səhnələşdirilmişdir.
Vidadi
Babanlı
Vidadi Yusif oğlu Babanlı 1927-ci il yanvar ayının 5-də Azərbaycanın
Qazax rayonunun Şıxlı kəndində ( indiki Ağstafa rayonunun
Muğanlı kəndində ) anadan olmuşdur.
1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1986-cı
ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi adına layiq görülmüşdür.
«Gəlin», «Həyat bizi sınayır», «Vicdan susanda», «İnsaf nənə»,
«Müqəddəs ocaq», «Ömürlük cəza» , «Kişilik haqqında himn»
və s. kitabların, bir sıra kinossenarilərin müəllifidir.
Kəsəmənli
Nüsrət Yusif oğlu 1946-cı il dekabrın 29-da Azərbaycanın
Qazax rayonunun Kalininkənd kəndində ( indiki Ağstafa rayonunun
Vurğun qəsəbəsində ) anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.
«Sevirsənsə», «Özümə bənzədiyim günlər», «Gümüş yuxular»,
« Təklikdə danışaq» kimi şeir kitablarının müəllifidir. Şeirlərinə
mahnılar bəstələnmişdir.
Nüsrət Kəsəmənli 2003-cü il oktyabr ayının 16-da vəfat etmişdir.
Xalq artisti Baba Mahmudoğlu
Baba
Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Ağstafa
rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan
Sənaye institutunu, 1974-cü ildə isə Azərbaycan İncəsənət
İnstitutunu bitirmişdir. Hələ İncəsənət İnstitutunda oxuyarkən,
1969-cu ildə «Leyli və Məcnun» operasında Məcnun rolunu oynamış
və bu rolla da çox məşhurlaşmışdır. 1972-ci ildə «Şah İsmayıl»
operasında Şah İsmayıl rolunda, 1972-ci ildə «Aşıq Qərib»
və «Əsli və Kərəm» operalarında, 1975-ci ildə «Gəlin qayası»
opreasında oynamış, 1979-cu ildə isə «Xanəndənin taleyi» operasında
baş rolu ifa etmişdir.
Müğənni xalq arasında Azərbaycan muğamlarının, xalq mahnıları
və təsniflərin mahir ifaçısı kimi tanınmış və sevilmişdir.
O, 1982-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adını,
1993-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri
adını almışdır.
Baba Mahmudoğlu 2006-cı il dekabrın 6-da vəfat etmiş və doğma
kəndi Muğanlıda dəfn edilmişdir.
|
|